Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.
Qədim zamanlardan bəri od Türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi olub. Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.
Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəşin istisini arzulayanlar babalarımız böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.
Qeyd edək ki, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.