“Apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur. Bununla da dərman satışı ilə məşğul olanlar gəlir əldə etmək mənafeyi güdmüş olur”.
Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.
Deputat qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər, hətta Almaniyanın özündən 20 dəfə bahadır: “Başa düşürəm müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün üz tutur. İnsanlar aptekə vaxt öldürmək, yaxud da ad günü keçirmək üçün getmirlər. Sağlamlıqla əlaqəli problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər”.
Deputat vurğulayıb ki, ölkəyə dərman gətirən, satan, yoxlayanlar ayrı-ayrı şəxslər olmalıdır: “Bizdə isə bu üç işi eyni adam həyata keçirir. Nəticə də göz qabağındadır. Məndə olan bir məlumata görə, bəzi dərman istehsalı ilə məşğul olan zavodlar həyati vacib olan elementləri dərmanların tərkibinə qiymətə görə əlavə etmirlər. Sifarişçi bildirir ki, “əsas qiyməti aşağı et, onsuz da elementin azlığı bilinməyəcək””.