Xəbər verdiyimiz kimi, mayın 4-də Zəngilanda hotel kompleksinin təməlqoyma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksin layihəsi barədə məlumat verdi.
Bildirilib ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
Diqqətə çatdırılıb ki, 110 nömrədən ibarət olacaq hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. Hotel kompleksinin ərazisində, həmçinin 15 kottec də qonaqların istifadəsinə veriləcək.
Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.
Sonra Prezident İlham Əliyev otel kompleksinin təməlini qoyub.