“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün həyata keçirdiyi “Onlar bizə əmanət” layihəsi davam edir.
12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Azər Məmmədovun Sumqayıt şəhərində doğulan övladı Azayın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb.
Dünyaya yeni göz açan körpə - Azayın adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Layihə indiyədək 106 şəhid övladını əhatə edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı Azər Məmmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.
O, şəhidlik zirvəsinə ucalmazdan 20 gün əvvəl ailə həyatı qurmuşdu.