Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb.
Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.
M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.
O, qəhrəmanlığı ilə 2010-cu ilin 18 iyununda Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazaraq, qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.
Onun doğulub boya-başa çatdığı Biləsuvar rayonunda onun adına küçə və məktəb var.
İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.