Bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsinin vəhşicəsinə qətlə yetirilməsi barədə xəbər vermişdik.
Lent.az xəbər verir ki, Leyla Hüseynlinin tələbə və sinif yoldaşları onun haqqında maraqlı faktlar açıqlayıblar.
Belə ki, sinif yoldaşları sosial şəbəkələrdə Leyla Hüseynlinin məktəbdə oxuyan zaman çox ağıllı, tərbiyəli və sakit qız olduğunu yazıblar:
“Məktəbi bitirdikdən sonra anası onu özündən 10 yaş böyük, 30 yaşlı Fərid Hüseynli ilə zorla evləndirdi. Fərid Hüseynlinin psixoloji durumu yerində deyildi. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olan Leyla ilk vaxtlar dostları ilə ara-ara əlaqə saxlaya bilirmiş. Evləndikdən sonra isə əri Leylanın yaxınları və dostları ilə bütün əlaqəsini kəsdi, telefonunu əlindən aldı”.
Dostlarının sözlərinə görə, Leyla Hüseynli yalnız universitetə gedib, tez evə qayıdırmış. Sosial ətrafından uzaqlaşan Leylanın bir müddət sonra Ayla adlı qızı dünyaya gəlib.
Qeyd edək ki, hadisə isə iyunun 20-si Abşeron rayonu Qobu qəsəbəsində baş verib. İddiaya görə, Fərid Hüseynli hadisəni törədən zaman içkili olub. Və o, öncə həyat yoldaşı Leyla Hüseynliyə bir neçə bıçaq zərbəsi vurub. Bıçaq zərbələrindən biri mərhumun qucağında olan 8 aylıq körpəsi Ayla Hüseynliyə dəyib. Daha sonra, Fərid Hüseynli həmin bıçaqla öz qarın boşluğuna zərbələr endirib. Leyla Hüseynli aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. 8 aylıq körpə Ayla isə xəstəxanaya çatdırılsa da, vəfat edib.
Cinayətkar Fərid Hüseynli dərhal xəstəxanaya yerləşdirilib. 4 litr qan itirən Fərid Hüseynlinin vəziyyəti normal olaraq qiymətləndirilir.
Qeyd edək ki, əslən Masallı rayonundan olan 1993-cü il təvəllüdlü Fərid Hüseynli Bakıda, Hökməli qəsəbəsində yaşayır. Və zərgərliklə məşğul olur. Hadisəni isə qısqanclıq səbəbindən baş verdiyi iddia edilir.