“Nazirlər Kabineti yanında Operativ Qərargahın nəznində fəaliyyət göstərən satınalma heyəti var, onlar tərəfindən İqtisadiyyat Nazirliyinin də çox ciddi nəzarəti altında yeni növ koronavirus infeksiyasını təyin etmək üçün istifadə edilən reaktivlər alınaraq ölkəmizə gətirilir”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, reaktivlər müxtəlif şirkətlərdən alınır:
“Əksəriyyəti Avropa istehsalıdır. Bir qismi Türkiyədə və bir sıra ölkələrdə istehsal olunan reaktivlərdir. Analizlərin yarımavtomat və avtomat sistemləri mövcuddur. Avtomat sistemdə olan reaktivlərin qiyməti bir az bahalıdır. Bu təxminən 20-50 manat arasında dəyişir. Orta hesabla bir test reaktivi 30 manata başa gəlir.
Bu analiz sadəcə reaktivdən ibarət deyil. Dövlət burada çalışan əməkdaşa dörd qat əməkhaqqı verir. Bütün bunları da nəzərə alsaq dövlət təxminən 1 testə 40 manat vəsait xərcləyir. Gündəlik bizim 15-20 min, indiyə qədər 2 milyona qədər test etdiyimizi nəzərə alsaq görərik ki, dövlətimiz hansı vəsaiti xərcləyib”.