Erməni uşağı üçün həyatını təhlükəyə atan II Qarabağ Savaşının qəhrəman qazisi bizə bir çox mətləblərdən danışdı.
''Bələkdə olan erməni uşağı bizə düşmənin ''sürprizi'' də ola bilərdi. Körpənin dini, irqi olmur. Bu baxımdan mən onu xilas etməli idim. İpi bələyə bağlayıb evdən çölə çıxartdım''.
SHOWNEWS.AZ xəbər verir ki, bunu 44 günlük Vətən Müharibəsinin döyüşçüsü Orxan Məmmədov dedi.
Onun sözlərinə görə, ermənilər qundaqda olan körpəni özləri ilə səs-küy salmasın deyə aparmamışdılar:
“Biz düşmənin gözləmədiyi istiqamətdən irəliləyirdik. Onlar da vaxt tapıb ərazini tərk edə bilmirdi. Uğurlu əməliyyatımızın sirri də elə bu idi. Mənim bütün döyüşlərim Füzuli rayonunda olub. Uşağı da Füzuli şəhərinə çatmamış bir kənddə tapdım. Evdən götürüb hərbi hissə komandirinə verdim”.
Orxan döyüşün 29-cu günündə ayağından və belindən ağır yaralandığı haqda da söz açdı:
“Döyüş meydanını tərk etmək istəmirdim. “Öldürmədən ölməyəcəyik” deyə düşünürdüm. Cəbhə yoldaşım Həsən məni yaralandığım yerdən çıxardı. Döyüşdə iştirak etdiyimə görə qürurlu olsam da, ancaq sevinə bilmirdim, çünki mən ən yaxın dostlarımı, döyüş yoldaşlarımı torpağa tapşırmışdım. Həsən və Mətin mənim ən yaxın hərbçi dostlarım olub. Allah onlara rəhmət eləsin”.
Döyüş yoldaşlarından danışanda nədənsə Orxanın gileyli və küskün olduğunu hiss etdim. Deyir ki, elə adamların adı hallanır ki, onlar ön cəbhədən kilometrlərlə uzaqlarda olublar, amma hamı onları qəhrəman kimi tanıyır.
Əsasən mənim dostlarım kimi oğulları tanımaq lazımdır. Müsahibimin başqa bir küskünlüyü də var:
“Hansısa dövlət qurumu (adını unutduğunu dedi) 1 kq kartof, soğan, 200 qram qənd, yağ alıb bizə gəlmişdi. Belə aciz adamam ki, evimə 10-15 manatlıq bazarlıq edə bilməyim? Belə adamları görəndə əsəb keçirirəm! Mən uşaq olarkən atam rəhmətə gedib. Anam gözü yumulu iki oğlunu Vətən Müharibəsinə göndərib. Hazırda əməliyyat olunmalıdır. Müraciət etmişəm, fikir verən yoxdur. Heç olmasa insanın möhtac hissini bizə yaşatmayın!”.
Qazimizin bütün çətinliklərə rəğmən içində bir nikbinliyi də var. Bizə azad olunan torpaqlarımızda həyata keçirəcəyi arzusundan da danışdı:
“Hərbiyə getməmişdən öncə turizm şirkəti işlədirdim. Xarici və daxili turizmlə məşğul idim. Pandemiyaya görə işim dayandı. Planım var ki, Qarabağda da bu sahəni işə salım”.
Gülşanə Mustafayeva
Bizim.Media