“Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860 Dəstək Xətti”nə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, “Dəstək Xətti”nə müraciət edən qadınların sayı isə 112 olub. B.Muradova bildirib ki, daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib.
Sədr əlavə edib ki, komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb: “Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular oldu. Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-i məişət zorakılığı, 129-u işlə təmin olunma, 123-ü müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi”.
B. Muradovanın sözlərinə görə, gender bərabərliyi ilə bağlı fəaliyyət planı yaxın günlərdə təsdiq olunacaq: “Gender bərabərliyi ilə bağlı fəaliyyət planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Yaxın günlərdə bu fəaliyyət planının təsdiq edilməsi gözlənilir”.
O, daha sonra qeyd edib ki, komitə tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təkliflər hazırdır və bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır.
Sədr bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı - seçkiliyin ləğv edilməsi komitəsi ilə BMT-nin Uşaq hüquqları komitəsinin Azərbaycanla bağlı narahatlıq törədən tövsiyələrinin aradan qaldırılması üçün tədbirlər görülür: “Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı komitə ilə Vəkillər Kollegiyası arasında imzalanan memoranduma əsasən, biz onların üzərinə pulsuz hüquqi yardım göstərmək öhdəliyi qoymuşuq. Onlar bu istiqamətdə əllərindən gələni edirlər. Lakin məhkəməyə müraciət müəyyən vəsait tələb edir. Düşünürük ki, bu məsələnin köklü həlli qadınlara pulsuz hüquqi yardımın göstərilməsi məsələsinin qanunvericiliklə tənzimlənməsidir.
Biz tam pulsuz hüquqi yardıma nail olmaq üçün aidiyyəti qurumlara müraciət etmişik, onlar da öz təkliflərini hazırlasınlar. Çünki prosesə yanaşma müxtəlif qurumlar tərəfindən fərqli aspektlərdən aparılır. Yekunda biz mütləq bu prosesin müsbət həllinə nail olacağıq”.
B. Muradova qeyd edib ki, Azərbaycanda yeni sığınacaqların yaradılması üzərində iş gedir. Yaxın zamanlarda bir neçə sığınacağın fəaliyyətə başlaması gözlənilir: “Bununla bağlı müvafiq orqanlar tərəfindən iş gedir. Hazırda 4 qeyri-hökumət orqanı tərəfindən yaradılan 5 sığınacaq var. Həmçinin bizim mərkəzlərimiz var və həmin mərkəzlərimiz tərəfindən ehtiyacı olan şəxslər müvafiq sığınacaqlara yönləndirilirlər”.
O daha sonra əlavə edib: “Ölkədə qadınların işləməsi üçün qadağan olunan sahələrin sayının çox olması ilə bağlı müraciətlər alırıq. Biz bu istiqamətdə də təkliflər hazırlamışıq və bu sahələrin sayının mümkün qədər azaldılması nəzərdə tutulur. Bu istiqamətdə aidiyyəti qurumlara müraciət edilib. Düşünürəm ki, yaxın zamanda bu istiqamətdə atılan addımlar öz müsbət nəticəsini tapacaq. Qadınların fəaliyyət sferası daha da genişləndiriləcək”.