Şəmkirdə yaşayan, müəllimlik və repetitorluqla məşğul olan Tamara Abdullayeva iddia edir ki, iyulun 15-də texnologiya fənni üzrə müəllimlərin işə qəbulu imtahanına salınmış 40 ixtisas sualının bir çoxu onun hazırlıq üçün tərtib etdiyi test bankından götürülüb.
Xezerxeber.az xəbər verir ki, məsələ ilə bağlı məlumatı imtahanda iştirak edənlərdən aldığını deyən T.Abdullayevanın sözlərinə görə, bu hal onun müəlliflik hüquqlarının pozulmasıdır.
T.Abdullayeva deyir ki, onda şübhə yaradan digər hal texnologiya fənni üzrə imtahana salınan sualların ictimai müzakirəyə çıxarılmamasıdır. Bu isə tək onun yox, imtahanda iştirak edənlərin də hüquqlarının pozulmasıdır və o, məsələ ilə bağlı artıq Elm və Təhsil Nazirliyinə müraciət edib.
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, iddia tamamilə əsassızdır. Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarına daxil edilən suallar xüsusi ekspert qrupu tərəfindən uzunmüddətli proses nəticəsində hazırlanır. Emal prosesində nəinki hansısa test bankı, ümumiyyətlə heç bir vəsaitdən istifadə edilmir. Vaxtaşırı gündəmə gələn bu cür iddialar isə sadəcə repetitorların asan yolla tanınmaq arzusunun nəticəsidir”, - deyə nazirlikdən bildirilib.