Region üçün olduqca əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin keçmiş jandarma polkovniki, analitik Eray Güclüer "CNN Türk” televiziyasının efirində belə deyib. "Zəngəzur dəhlizi bitmək üzrədir. Oranın açılması an məsələsidir”.
Bəs dəhlizin açılma tarixi bizə nə qədər yaxındır? Məsələ ilə bağlı Hərbi ekspert Ramiz Şərifov Referans.az-a danışıb.
"Prezidentimizin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açılacaq. Dəhlizin açılması ilk növbədə regionun çiçəklənməsi deməkdir. Ermənistan da götür-qoy edib başa düşməlidir ki, onlar da Laçın dəhlizindən, sərhəd buraxılış məntəqəsindən Qarabağa keçmək istəyirlərsə bunu nəzərə almalıdırlar. Əgər onlar Zəngəzur dəhlizinin açılmasına maneə törədəcəklərsə, biz də dünyada qəbul edilmiş qanunlara əsasən Qarabağa yalnız həm yükləri, həm mülki əhalini Bakı, Gəncə, Ağdama gediş-gəlişi təmin edəcəyik. Ermənistanın Baş Naziri Nikol Paşinyan da bunu başa düşür. O, əvvəl də qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işidir. Hazırda bütün bu işlərin başında ruslar dayanır. Sülhün bərqərar olmasına maneə yaradan ilk növbədə ruslardır, əslində onların vəzifəsi bunun tam əksidir. Düşünürəm ki, bu ilin axırına qədər artıq Zəngəzur dəhlizinin işə düşməsi haqqında razılıq əldə olunacaq. Praktiki olaraq yol sturukturu artıq hazırdır. Sadəcə siyasi qərarın verilməsi qalıb”.