Paytaxtın Nərimanov rayonu ərazisində pişikləri öldürən şəxs peyda olub.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. Sözügedən küçədə psixoloji problemləri olduğu iddia edilən şəxs küçədə gördüyü pişikləri müxtəlif vasitələrlə - iplə boğaraq, boğazına spirt tökərək öldürür. Daha sonra ərazidə basdırır.
İddialara görə, bu hallar daha çox “şəhidin binası” deyilən yerin yaxınlığında baş verir. Gün ərzində iki-üç pişiyin başına belə oyun açır. Bu məsələyə heç kim reaksiya vermir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda faktlarla bağlı araşdırma aparılır:
“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.