Azərbaycanda fəaliyyəti qadağan olunan “Mostbet” mərc şirkəti vətəndaşın külli miqdarda uduşunu ödəməkdən boyun qaçırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ayaz İkramoğlu adlı şəxs sosial şəbəkədə paylaşım edib.
Şəxsin sözlərinə görə, sözügedən mərc şirkəti onun 156 461 manatlıq uduşunu ödəmir, üstəlik hesabı bloklanıb:
“Azərbaycanın tanınmış idmançılarından biri olan Nəriman Abbasovun rəsmi olaraq əməkdaşlıq etdiyi “Mostbet” mərc şirkəti 156.461 AZN uduşumuzu ödəməkdən boyun qaçırır” - paylaşımda bildirilir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyəti qadağan olunan mərc şirkətləri ilə bağlı sosial şəbəkələrdə tez-tez bu tip paylaşımlara rast gəlinir.
Onu da əlavə edək ki, fəaliyyəti qadağan olunan mərc saytlarından istifadənin özü də qanun pozuntusu hesab olunsa da, bir sıra tanınmış şəxslər, o cümlədən influnserlərin onları açıq şəkildə reklam etməkdən çəkinmirlər.