Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Həkimlər Qənirənin diaqnoz kağızlarını yox, şeirlərini oxumalı idi...

Həkimlər Qənirənin diaqnoz kağızlarını yox, şeirlərini oxumalı idi...

Ölümü hər gün xatırlaya-xatırlaya Düz Qırıqlıdan İkinci Fəxri xiyabana gedən bir yolçu.

İnsanlarla arasındakı kontakt anidən yaranırdı, millət vəkili olduğu üçün yox, əlində, üzündə, səsində nəsə var idi. Mən bunu o, pediatr kimi 2012-ci ildə iki həftəlik Somaliyə insanlara xidmət edəndə çəkilən fotoya baxarkən anlamışdım. Qaradərili bir qadın onun əlindən elə tutmuşdu ki, sanki ən əzizidir.


Onun siyasi xadim kimi portretini hamı görürdü. Hökmlü intonasiya ilə danışdığı sözləri eşidəndə insanda elə təəssürat yaranırdı ki, dediklərinin hamısı günü sabah həyata keçəcək. Lakin şeirlərini oxuyanda, onun qadın kimi nə qədər zərif, çarəsiz, zərbələrdən içi dərbədər olmuş bir insan olduğu bəlli olurdu.

Xoşbəxtliyi oynamağı,

Ürəyim ovcumda ikən, başım dimdik gəzməyi öyrəndim.

Vuranlar sevinməsin deyə, yıxılmadım, ana.

Onun ən səmimi olduğu yer şeirləri idi. O, “Deputat Qənirə Paşayeva” obrazı yaradaraq bu obrazdan quzğunlara qarşı müqəvva kimi istifadə edirdi. Azərbaycan torpağına dən kimi səpilən şəhidlərimizin hamısının evində olurdu, onları qoruyurdu.

Evinə qayıdanda, deputat kimliyini soyunanda içindən əsl qadın çıxırdı. Məhz həmin Qənirə bir qərinəlik peşəkar karyerasından sıyrılıb özüylə bir nakam qadın kimi söhbət edirdi.

Kəbəyə gedəndə kiminçün dua edirsən dedim?

Ana olanda bilərsən, dedin.

Mən ana olmadım, ana!

Qənirə Paşayevanı öldürən hamının bildiyi tərəfi yox, hamıdan gizlədiyi tərəfi quzeyi idi. Həkimlər bəlkə də, onun diaqnoz kağızlarını yox, şeirlərini oxumalı idi.

Tonqala atılan Jannadan,

Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,

İsgəndərə ədalət dərsi keçən Nüşabədən,

Sevgi şəhidi Leylidən

Daha çox yaşadım, ana!

Amma nə Tomris ola bildim,

Nə Nüşabə, nə Janna,

Leyli də ola bilmədim, ana...

Əvəzində sənin hər şeyin oldum,

Məni uşaqlığıma apar, ana.

Onun ailəsi də, həyat yoldaşı da, övladı da Azərbaycan idi. Hər şeyini vətənə vermişdi. Vətənə nişanlı qız, Tomrisə, Nüşabəyə, Leyliyə salam de.

Sərdar Amin