Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
SHOWNEWS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Şəxsi məlumatlardan bilinib ki, təqsirləndirilən şəxslər hər ikisi ali təhsillidir.
Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər şirkətdə hüquqşünas işləyib.
Namiq Əliyev isə bankda şöbə rəhbəri çalışıb, dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində mərhum şəxsin qızı Elnarə Bəkirova tanınıb. E.Bəkirova hakimdən icazə olaraq qısa müraciət edib:
“Çox xahiş edirəm, atamı qətlə yetirən bu iki şəxsə layiqli cəza verilsin”.
Təqsirləndirilən şəxslər fərdi qaydada vəkillərinin məhkəmədə iştirak etməsini istəyiblər.
Proses bu səbəbdən 2 noyabra kimi təxirə salınıb.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.