Xəbər verdiyimiz kimi, rəssam-modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Elnarə məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
"Ruhun şad olsun, mənim dünyam, rahat yat cənnətində, qisasın alındı. Artıq sən istədiyin kimi olacağam, arzularını reallaşdıracağam. Çünki sənə olan övladlıq borcumu ödədim. Bu gün (red. ötən gün) ilk dəfədir ki, sənin yoxluğundan sonra qəlbimə bir az da olsa, rahatlıq gəldi, qanın yerdə qalmadı" deyə, modelyer paylaşımında yazıb.
Qeyd edək ki, hadisə aprelin 6-da Sabunçu rayonunda qeydə alınıb.
İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.
Məhkəmə 2 noyabra kimi təxirə salınıb.