Bu gün Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından 3 il ötür.
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Qeyd edək ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar: üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.
Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.
Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və gizir hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni, Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini ifa edib və bu telefon vasitəsilə lentə alınıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət alıb və Xudayar Yusifzadə qısa müddət ərzində daha çox tanınıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!