Bir neçə gün əvvəl açılışı olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda sürət həddi işarələrinin və radarların quraşdırılmaması müzakirələrə səbəb olub.
Yolun bir çox hissələrində işarələrin olmaması çaşqınlıq yaradıb, bəzi şəxslər sürücülərin yolda istədikləri sürətlə hərəkət etməsinin mümkünlüyünü bildiriblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, Azərbaycandakı yollarda sürət həddi ilə bağlı qanunvericilikdə dəqiq məlumatlar var: “Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub. Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur. Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiq ərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər. Bu, o demək deyil ki, yolda sürət limiti yoxdur. Həmçinin radarın quraşdırılmaması sürücülərin nəzərdə tutulan sürət həddindən yuxarı nəqliyyat vasitəsini idarə edə biləcəklərinə şərait yaratmır. Ələt-Astara magistral yolu da yeni istifadəyə verilən zaman radarlar lazımi hissələrə sonradan quraşdırıldı. Bakı-Quba ödənişli avtomobil yolunun da yeni olduğunu nəzərə alsaq radarın olmaması qəbulolunan haldır. Yoldan istifadə edən şəxslərin qovşaqlara qalxmaq, daxil olmaq üçün sürət limiti 90 km/saat olaraq tənzimlənib. İddianı irəli sürənlər nəzərə almalıdır ki, limitsiz yolda avtomobili yüksək sürətlə idarə edən sürücü anidən sürəti aşağı sala bilməz”.
Anar Nəcəfli əlavə edib ki, hazırda yeni yolda gediş-gəliş üçün açıqdır və test rejimi fəaliyyətə başlayıb. Tariflərin mövcud sistemə inteqrasiyası, reinteqrasiyası məsələləri davam edir. Lakin test rejimində bank kartıyla yaxınlaşaraq POS terminal vasitəsilə yoldan istifadə etmək mümkündür. Bank kartı olmayan şəxslər ərazidə quraşdırılmış “Milli ön” aparatlarından nağd şəkildə ödəniş edərək yoldan yararlana bilərlər. Yaxın müddətdə isə xüsusi çipli kartlardan istifadə, sistemin inteqrasiyası kimi məsələlər öz həllini tapacaq.