Bakı Ağır Cinayətlər Məhkəməsində modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Axşam.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Çıxış edən dövlət ittihamçısı prosesin məhkəmə baxışına verilməsini təklif edib.
İlk məhkəmə prosesi noyabrın 6-na təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin aprelində Sabunçu rayonunda qeydə alınıb. Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.