Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bu halda vətəndaşlarımız Xankəndidə əmlak ala bilərlər” - AÇIQLAMA

“Bu halda vətəndaşlarımız Xankəndidə əmlak ala bilərlər” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsindən sonra Xankəndidə yaşayan ermənilər evlərini kütləvi şəkildə satışa qoyublar. Azərbaycan vətəndaşlarının da bir çoxu o evləri almaqda maraqlıdır. Bəs görəsən, vətəndaşlarımız Xankəndidə ermənilərin satdığı evləri, mənzilləri və digər əmlakları hansı qaydada ala bilərlər?

SHOWNEWS.AZ xəbər verir ki, bununla bağlı  bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, məsələ o qədər də sadə deyil: “Başa düşürəm ki, insanlarımız o evləri ermənilərin satdığı qiymətdən də baha almaq istəyirlər ki, təki onlar Xankəndidən çıxıb getsinlər. Amma burada çox mühüm problem var. Yəni bildiyimiz kimi, daşınmaz əmlak, torpaq və mənzil – bunların hamısının dövlət tərəfindən qeydiyyatı aparılmalıdır. Bu, bütün dünyada belədir, eləcə də Azərbaycanda. Yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun var və bu qanuna müvafiq olaraq Azərbaycanda da daşınmaz əmlakın reyestri aparılır. İstənilən daşınmaz əmlakın alqı-satqı müqaviləsi, bağışlanması və s. bütün bunların hər biri notariat qaydada həll edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı, əmlakın mülkiyyətçisinə çıxarış verilməlidir.

Lakin məlumdur ki, Dağlıq Qarabağın hələ bizim tam nəzarət etmədiyimiz bölgələrində, o cümlədən Xankəndidə dövlətimiz tərəfindən daşınmaz əmlakın qeydiyyatı aparılmır. Buna görə də ermənilər oradakı əmlaklarının alqı-satqı məsələlərini özlərinin daxili, heç bir əsası olmayan, guya öz “qanunvericiliyi” əsasında həll edirlər. Təbii ki, istənilən halda alqı-satqı onların qondarma qanunvericiliyi əsasında həyata keçirilir. Yəqin ki, həmin proseslər orada qanunsuz fəaliyyət göstərən notariat ofisləri tərəfindən aparılır. Halbuki Azərbaycanda həmin notariat ofisləri dövlətin lisenziyası əsasında fəaliyyət göstərir. Bu baxımdan hansısa vətəndaşımız gedib qondarma “Dağlıq Qarabağ Respublikası”nın “qanunları” əsasında mənzil əldə etsə, belə çıxır ki, həmin azərbaycanlı ermənilərin uydurma dövlətini tanımış olur. Bu da əlbəttə cəfəngiyatdır. Heç kəs də bu addımı atmamalıdır. Sonra onlar bizə deyə bilər ki, baxın, sizin vətəndaşlarınız bizim respublikamızı və qanunları tanıdı. Bu baxımdan belə bir hal yolverilməzdir”.

Əkrəm Həsənov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu diqqətə çatdıraraq, orada əmlakın alqı-satqısı ilə bağlı aparılan işlərin dövlətimizin lisenziya verdiyi notariat ofisləri tərəfindən təsdiqlənən müqavilələr əsasında həyata keçirilməli və Azərbaycan Respulikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı olduğunu bildirib: “Sadəcə indiki məqamda vəziyyətdən çıxış yolu belə ola bilər. Məlumdur ki, 10 noyabr bəyannaməsinə uyğun olaraq bütün qaçqın və məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdır. Mahiyyət ondan ibarətdir ki, iqtisadi, nəqliyyat və bir sıra blokadalar aradan qaldırılmalıdır. Bu da o deməkdir ki, alqı-satqı müqavilələri də olmalıdır. Və Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu üçün orada istənilən daşınmaz əmlakın qeydiyyatı Azərbaycan qanunları ilə aparılmalıdır. Bu halda da bizim vətəndaşlarımız Xankəndidə əmlak ala bilərlər.

Və biz ilk olaraq bu məsələni Rusiya sülməramlılarının qarşısında qaldırmalıyıq. Yəni oradakı əmlaklar AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındıqdan sonra bu məsələ reallaşa bilər. İndiki halda biz orada yaşayan ermənilərə deyə bilmərik ki, sizin bizdə qeydiyyatınız yoxdur. Çünki kim orada yaşayırsa, Azərbaycan dövləti avtomatik onu tanıyır. Həmin ermənilərə də  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış veririk. Bundan sonra ermənilər bizim qanunlarla mənzillərini Azərbaycan vətəndaşlarına sata biləcəklər. Bu yolla biz “bir güllə ilə iki quş vururuq”. Yəni ilk olaraq məcbur edirik ki, orada yaşayan ermənilər bizim qanunları və o ərazi üzərində suverenliyimizi tanıyırlar, İkinci də vətəndaşlarımıza şərait yaradırıq ki, gedib ordakı əmlak əldə etsinlər.
Fikrimcə, burada ermənilər də udacaqlar. Çünki o evlər AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmayana qədər ermənilər əmlaklarını yaxşı qiymətə sata bilməyəcəklər. Düşünün ki, Azərbaycan dövlətinin qeydiyyatında olmayan o evləri kim ala bilər? Ona görə də ermənilər bu məsələdə maraqlı olmalıdır”.

Müharibədən sonra ermənilərin Xankəndidəki evlərini kütləvi satışa çıxarmasının səbəbinə gəlincə, ekspert bildirib ki, əsas səbəb onların orada qalmaq istəməmələridir: “Çünki ümumən insanlar inkişaf və iqtisadi vəziyyətin daha stabil olduğu ərazilərdə yaşamaq istəyirlər. Bu gün  Dağlıq Qarabağın ermənilər yaşayan hissəsinə heç kim pul yatırmaq istəməz. Ona görə də ermənilər orada yaşamağı uğursuz hesab edirlər. Xankəndidə yaşayan ermənilər heç Ermənistana da köçmək istəmirlər. Çünki orada da vəziyyət o qədər də ürəkaçan deyil. Onlar yəqin ki, başqa ölkələrə getməyi planlaşdırırlar”.

Natiq Səlim,

 KONKRET.az