Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Əsirlikdən xilas edilən Bayram: “Məni dubinka ilə döyüb, toka verirdilər”

Əsirlikdən xilas edilən Bayram: “Məni dubinka ilə döyüb, toka verirdilər”

Özümü yaxşı hiss edirəm, Dövlətimiz, Prezidentimiz sağ olsun, bizi Azərbaycana qaytardılar. Müalicə olunduq və bu gün evə buraxıldıq. Ali Baş Komandana, bizə dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm.

 

Bunu Azvision.az -a açıqlamasında erməni əsirliyindən azad edilən Bayram Kərimov deyib. O bildirib ki, doğma Vətəninə, ailəsinə qovuşduğu üçün çox sevinclidir.

"Sevinc hissləri keçirirəm. Ailəm, xüsusən də oğlum üçün çox darıxmışam. Sentyabrın 29-dan könüllü olaraq ordu sıralarına qoşuldum və döyüşdüm. Füzuli, o cümlədən Şuşanın kəndləri, Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak etmişəm. Hər kəsdə böyük ruh yüksəkliyi var idi. Torpaqlarımızı mənfur ermənilərdən təmizləyirdik, hər kəndi azad etdikcə irəli getmək üçün daha da ruhlanırdıq. Əgər Xankəndinin girişində yaralanmasaydım, sona qədər döyüşərdim”.

 

B.Kərimov xatırladıb ki, Xankəndi şəhərinin girişində qızğın döyüş zamanı yaralı yoldaşlarını çıxararkən düşmən gülləsinə tuş gəlib.

 

"Yaralı dostlarımızı çıxarırdıq. Döyüş davam edirdi. Arxadan güllə atıldı, yaralandım. Qızğın döyüş gedirdi, yoldaşlarımın məni çıxarmağa imkanları olmadı. Bizi videoya çəkən ukraynalı jurnalist Aleksandr Xarçenkonu daha sonra görmədim.Gözümü açanda artıq Ermənistanda idim”.

 

Bayram əsirlikdə ona işgəncə edildiyini qeyd edib: "Bizi aparan gündən işgəncə verdilər. Məni toka verirdilər, dubinka ilə döyürdülər, məlumat almaq istəyirdilər. Lakin mən heç nə bilmirdim və heç nə də demirdim. Gördülər ki, mən heç nə bilmirəm, ondan sonra əl çəkdilər. Bizi qaytarmağa son 10 gün qalmış artıq heç nə edilmədi, reanimasiyada 8 gün qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsindən nümayəndələr dekabrın əvvəli gəlmişdilər, atamdan məktub gətirmişdilər. Ümidimi kəsmişdim. Prezidentimiz sağ olsun, bizi düşmən əlindən xilas etdi. Son anadək qayıdacağımızdan xəbərimiz yox idi. Mən yalnız Bakıda təyyarədən düşəndə artıq geri qayıtdığımızı bildim”.