Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb. Bu dəfə Abşeron rayonunda ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna nişanlayıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar İctimai Birliyinin rəhbəri məlumat verib.
Onun sözlərinə görə, 15 yaşlı qızın 32 yaşlı şəxslə nişanlanaraq tez bir zamanda evləndirilməsi məsələsindən xəbər tutan kimi qeyri-qanuni izdivaca müdaxilə edib:
“Bərdə rayonundan bu məlumatı mənə vermişdilər. Amma bildirirdilər ki, ailə artıq Bakı şəhərində, Abşeron ərazisində məskunlaşıb. Ananın himayəsində olan 5 uşağın hər biri təhsildən yayındırılıb. Çünki artıq 4 aya yaxındır ki, qadın uşaqları ilə Bakıdadır. Ərinin pis vərdişlərə aludə olduğu bildirilir.
Məsələnin araşdırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Onlar da öz tərəflərindən həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də Abşeron Rayon Polis İdarəsinə məlumat verdilər. Ananın harada olduğu aşkarlanıb. Həqiqətən də ana 15 yaşlı qızını 32 yaşlı öz əmisi oğluna nişanlayıb. Həmçinin cütlüyə “isti” münasibətlər üçün bütün lazımi şəraiti yaradıb. Onu da deyim ki, qız oxumaq istəyir”.
Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinə səslənərək qurum tərəfindən məsələ ilə bağlı təhqiqat işlərinə başlanılmasını istəyib:
“Qıza qarşı təcavüzün və ya seksual hərəkətlərin olub-olmaması ilə bağlı təhqiqat işi və araşdırma aparılsın”, - deyə Kəmalə Ağazadə qeyd edib.
Daxili İşlər Nazirliyindən isə sorğumuza cavab olaraq, məsələnin araşdırıldığı bildirilib.