“Ramazan ayında istilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir: “Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir”.
Terapevt həmçinin səhhətində hansı problemlər olduqda oruc tutmağın tövsiyə olunmadığını açıqlayıb: “Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar. Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir.
Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar.
Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər”.
Z. Quliyev bildirib ki, Ramazanda günün uzanması və gecələrin qısalması ilə aclıq müddəti də uzanır. Bu dövrdə qan şəkəri aclıq səbəbindən düşdüyü üçün gün ərzində yorğunluq yarana bilər. Bu səbəbdən imsak yeməyi vacibdir. İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və çox yağlı olmayan şorbalara üstünlük verilə bilər. Xüsusilə gün ərzində aclıq problemi yaşayanlar imsakda həddindən artıq yağlı və duzlu yeməklərdən uzaq durmalıdırlar.
“Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb ola bilər. İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir. Belə qidalar istehlak edilərsə, onların miqdarı minimal olmalıdır.Ramazan ayında qaynadılmış və sobada bişmiş yeməklərə üstünlük verilməlidir. Qızardılmış qidalardan uzaq durmaq lazımdır.
İftardan sonra hərəkətsizliyə və yatmağa vaxt sərf etmək əvəzinə, gəzinti kimi yüngül məşqlər edilməlidir. Ramazan ayında pəhriz dəyişikliyi və maye qəbulunun olmaması səbəbindən qəbizlik yarana bilər. Bu səbəblə lifi yüksək olan qidaların istehlakına diqqət yetirilməlidir”, - həkim əlavə edib.