Bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub.
Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğlan övladı olub:
“Atam, anam tarixi Azərbaycan torpağı olan Borçalı mahalında anadan olub. Özüm Bakı şəhərində dünyaya gəlmişəm. Amma qismət elə oldu ki, övladım bu torpaqlarda dünyaya göz açdı. 2022-ci ilin dekabr ayında ailə qurmuşuq. Bu gün oğlumuz dünyaya gəldi. Çox sevincliyik. Həkim əməliyyatla olmasını məsləhət görmüşdü. Çox şükür ki, proses heç bir problemsiz həyata keçdi”.
A.Abdullayev deyib ki, artıq körpənin adını da seçiblər:
“Adı bizə bu günləri yaşadan Ali Baş Komandanın adı ilə bağlıdır. Övladımın adı İlham olacaq”.
Onun sözlərinə görə, ötən ilin oktyabr ayında işlə bağlı Xankəndiyə gəlib:
““Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Regional Su-Kanal İdarəsində işləyirəm. Burada elə həm də iş yoldaşım olan həyat yoldaşımla birlikdə yaşayıram. Bu torpaqlarda igid-igid oğullarımızı itirmişik. Bu gün isə bir əsgər də artdı. Övladımın burada doğulması ilə bağlı arzu, istək, dilək sadəcə bu idi”.