Vətəndaşları şantaj edərək pul tələb edən şəxsin sosial şəbəkələrdə səs yazısı yayılıb.
“Qafqazinfo” xəbər verir ki, müxtəlif səs yazılarında “Emin Qoca” ləqəbli Emin Hüseynli polis idarələrinin adından istifadə edərək insanlara hədə-qorxu gəlir. O, telefonla danışdığı şəxsləri narkotik vasitələrin satışında ittiham etməyə çalışaraq onları şantaj edir.
E.Hüseynli həmçinin külli miqdarda narkotik vasitələri öz avtomobilində daşıması barədə fikirlər səsləndirərək danışdığı şəxslərə təsir edir. Səs yazısı yayılan şəxs hansı ərazilərə nə qədər narkotik verdiyini, bunun qarşılığında nə qədər pul aldığını da qeyd edir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, həmin şəxslə bağlı araşdırma aparılıb: “Füzuli rayon sakini olan 1995-ci il təvəllüdlü Hüseynli Emin Muğan oğlu narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkarlanıb. Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”.