Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində 4 nəfər zəhərlənib, onlardan ikisi ölüb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur.
“Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.
Həmçinin Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb. Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir”, - məlumatda vurğulanıb.