Gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturu yüksələcək.
Bunu "Report"a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də yay ərzində isti dövrlərin müşahidə olunması gözlənilir.
"Bu, Azərbaycanın iqliminə xas olan xüsusiyyətdir. 40 dərəcədən yüksək temperatur adətən respublikanın Aran rayonlarında, Naxçıvan MR-da demək olar ki hər il qeydə alınır. Abşeron yarımadasında da son illər bir necə gün ərzində havanın temperaturu 40 dərəcə ətrafında olub, bu Abşeron yarımadası üçün xarakterikdir. 2022-2023-cü illərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, Naxçıvan MR və Aran rayonlarında isə 43 dərəcəyədək isti qeydə alınıb", - G.Məmmədova qeyd edib.
O bildirib ki, hazırda davam edən qeyri-sabit havaların gələn həftədən etibarən, daha mülayim və sabit olacağı, temperaturun tədricən artacağı gözlənilir:
"Hava şəraiti ilə bağlı məlumatlar hər gün meteo.az saytında yerləşdirilir”.