Qazaxda, xüsusilə də, rayonun Yuxarı Salahlı kəndində kişilərin Novruz bayramında qadın paltarı geyinməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
“Qafqazinfo” xəbər verir ki, şənlikdə çəkilmiş videolar dünəndən qınaq obyektinə çevrilib. Şəbəkə istifadəçilər bu adətin Novruz ənənələri ilə heç bir əlaqəsinin olmadığını yazıb.
Maraqlısı budur ki, bu ənənə rayonda uzun illərdir ki, qeyd olunur. Adətə görə, bayramla əlaqədar olaraq kənd kişiləri ilin bir günü müxtəlif libaslar geyərək küçələrdə gəzir, rəqs edirlər.
Kənd sakininin sözlərinə görə, illər əvvəl bu şənlik insanların, keçi-qoyun dərisi geyinərək bəzənmə ilə başlasa da, ildən ilə adətdə müəyyən dəyişikliklər olub. Artıq rayonda bu adət karnaval formasını alıb.
Bunun əsas səbəbi subay oğlanların sevdiyi qızın evinə gedəndə qızın əmisinin, dayısının, bir sözlə, qohumların onu tanımamasını istəməsidir. Bununla yanaşı, hərbçi, həkim, küpəgirən qarı və yaxud başqa kostyumları da seçənlər olur.