“Peşəkarlıq səviyyəsi yerində olmayan müəllim məktəbdə də problem yarada bilər”.
Bu sözləri “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak səlahiyyətləri onların əlindən alınmır:“MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən, demək olar ki, təhsilverənlərə sertifikatlaşdırma imtahanında ona verilən iki şansda, eləcə də keçirilən təlimlər nəticəsində yenə də uğur qazanmırsa, 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə, ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq. Nəzərə almaq lazımdır ki, bir müəllim öz fəaliyyəti dövründə təxminən 300-500 aralığında şagirdə dərs keçir. Ona görə də peşəkarlıq səviyyəsi yerində olmayan adam məktəbdə olduğu dövrdə təxminən 500 dəfə özündən daha çox problem yaradır. Bunun qarşısını nə qədər tez ala biliriksə, o qədər düz iş görürük deyə fikirləşirəm”, - nazir əlavə edib.
E.Əmrullayev, həmçinin deyib ki, bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyəti kimi məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq: “Komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər pedaqoji vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq”.
Qeyd edək ki, 2023-cü ildə sertifikatlaşdırmadan kəsilən müəllimlər üçün bu il iyunun 8-də təkrar sertifikatlaşdırmanın test mərhələsi keçiriləcək. Daha sonra da müsahibə mərhələsi təşkil olunacaq. Ötən il müsahibə mərhələsindən keçə bilməyən müəllimlər həmin mərhələyə dəvət olunacaq.