Aktau yaxınlığında təyyarə qəzasında həlak olanların bank borcları silinib.
Bununla bağlı Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyası birgə bəyanat yayıb.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 25 dekabr 2024-cü il tarixində qəzaya uğraması nəticəsində ekipaj heyətinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib.
Bu faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə, qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.