
Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
Bu barədə şəbəkənin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, artıq Azərbaycanda “Starlink”in yüksəksürətli və aşağı gecikməli internet xidməti mövcuddur.
Qeyd edək ki, artıq yeni peyk şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb. Vətəndaşlar bu şəbəkəyə qoşulmaq üçün aylıq məbləğin minimum 80 AZN olduğunu, bu səbəbdən yerli provayderlərin də qiymətləri qaldıracağını güman etdiklərini bildiriblər.
Onu da bildirək ki, internet üçün standart “Starlink” modemi 670 AZN, qurğunun çatdırılması isə 50 AZN-dir.
Bu xidmət mobil nömrə, optik xətt olmadan birbaşa peyk vasitəsilə internetə çıxışı təmin edir.
Qeyd edək ki, “Starlink” amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.
“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.