Bu il bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində təqaüdçülərin pensiyaları indeksləşdiriləcək. Bu proses hər il olur. Fevral ayının ödənişi aparılan zaman vətəndaşlar pensiyanı yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında qeyd olunub.
İndeksasiya prosesinin 1 yanvar tarixindən hesablanması nəzərdə tutulub.
Maraqlıdır ki, pensiyaçılar dedikdə hansı kateqoriya nəzərdə tutulur? İndeksasiya hansı meyarlara görə aparılır? Pensiyalar ümumilikdə nə qədər artacaq?
Bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq pensiya hər il bir dəfə olmaqla orta əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir: "Bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən təxminən fevral ayında açıqlanır. Uçot qaydalarına uyğun olaraq orta əməkhaqqı ilə bağlı məlumatların toplanılması və Statistika Komitəsinə ötürülməsi bir ay gecikir.
12 aylıq nəticələri komitə açıqlayanda 11 aylıq orta əməkhaqqı göstəriciləri öz əksini tapır. Yanvar ayı üçün açıqlanan hesabatda 2020-ci ildə orta aylıq əməkhaqqının hansı faizlərlə artması nəzərə alınır. Buna uyğun indeksasiya gedəcək. Gözlənilən bundan ibarətdir ki, təxminən pensiyanın artım məbləği 12 faiz ətrafında olacaq. Bu, bütün növ pensiyalara tətbiq ediləcək.
Azərbaycanda 3 növ pensiya var. Yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya mövcuddur. Təxminən 1 milyon 270 min ölkə vətəndaşı və ya hər 8 nəfərdən biri müvafiq indeksasiya prosesində öz pensiyalarının müəyyən həcmdə artmasını müşahidə edəcəklər".