Fevralın 1-dən etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunub.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır. Belə ki, ictimai iaşə obyektlərində xidmət zamanı qəlyan avadanlıqlarından istifadəyə icazə verilmir.
Bəs görəsən qəlyan təklif edən ictimai iaşə obyektlərini hansı cəza gözləyir?
AZXEBER.COM-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələyə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir: "Agentlik restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müvafiq reydlər keçirir. Bütün məkanlarda qadağan olunmuş məsələrlə əlaqədar nəzarət mexanizmini həyata keçirir. Əgər hansısa nöqsanlar aşkarlanarsa, bizim tərəfimizdən həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur”.