Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Repetitor yanına getməmişəm” - Maksimum bal toplayan abituriyent

“Repetitor yanına getməmişəm” - Maksimum bal toplayan abituriyent

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

7 nəfər abituriyent maksimum nəticə əldə edib.

Onlardan biri də Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Mehdiyev Əli Eldaroğludur.

Əli I ixtisas qrupu üzrə hazırlaşır və qəbul imtahanında 400 bal toplayıb.

Bu münasibətlə AzEdu.az onunla həmsöhbət olub.

O qeyd edib ki, əlindən gələni edib və yekunda zəhmətinin nəticəsini görüb.

“İmtahandan əvvəl, açığı, 400 bal toplayacağımı gözləmirdim. Ancaq imtahandan çıxıb sualları yoxlayandan sonra belə bir ehtimal yarandı. İxtisas seçimini isə hələ tam dəqiqləşdirməmişəm. Yaxın günlərdə bir qərar verəcəyəm.

İmtahanın gedişatına gəlincə, digər abituriyentlərdə olduğu kimi, riyaziyyat fənni məndə də nisbətən daha çox vaxt apardı. Blok imtahanındakı hər üç fənn üzrə nəticə gözlədiyim kimi oldu. Sadəcə, riyaziyyat bir az daha çox vaxt tələb etdi. Kimya aşağı-yuxarı keçən ilki səviyyədə idi. Fizika da elə demək olar, bəlkə bir az daha çətin idi, ya da mənim yorğun vaxtıma düşmüşdü, tam deyə bilmərəm. Suallar aşağı-yuxarı toplu sualları idi. Topludan bir az çətin olanları da var idi, amma ümumilikdə toplu səviyyəsində idi”.

Nəticələr çıxanda və maksimum nəticə əldə etdiyimi görəndə əvvəlcə inanmadım:

“Çünki o qədər də gözləmirdim. Amma sonra çox sevindim, ailəmlə birlikdə bu sevinci yaşadıq.

İkinci imtahana gəlincə, bəli, hər ehtimala qarşı imtahana girməmişdən əvvəl qeydiyyatdan keçmişdim.

Mən liseydə oxuduğum üçün repetitor yanında olmamışam. Liseyə nə vaxtdan bəri gedirəmsə, elə oranın dərsləri ilə hazırlaşmışam. Altıncı sinifdən bəri liseydə oxuyuram və elə oranın dərsləri ilə də, şükür Allaha, özümü inkişaf etdirmişəm. Hazırlıq dövründə sosial şəbəkələrdən də tamamilə uzaqlaşmamışdım; boş vaxtım olduqca, dincəlmək məqsədilə istifadə edirdim.

Bəziləri düşünür ki, yüksək bal toplayan, savadlı şagirdlər telefondan və sosial şəbəkələrdən tam uzaqdırlar. Mən bununla tam razı deyiləm. Əsas məsələ nizam-intizamdır. Şagird gündəlik rejimini qurmalı və həmin rejimə uyğun hərəkət etməlidir. Çünki “lap hər şeyi atım, dünyadan xəbərim olmasın, kor-koranə yaşayım” – belə də olmamalıdır. Uğurumun sirrinin tam olaraq nə olduğunu isə bilmirəm.

Abituriyentlərə tövsiyəm odur ki, ilk növbədə özlərinə güvənsinlər, özlərinə inansınlar. İnşallah, çəkdikləri əziyyət yerdə qalmaz. Bir gün bu əziyyətin mütləq qarşılığını görəcəklər. Hansı ali təhsil müəssisəsində oxuyacağıma gəlincə, bunu hələ evdəkilərlə məsləhətləşib, ondan sonra qərar verəcəyəm”.