Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Bu barədə "Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atıb.
Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar.
Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə də görüşüblər.