Avtomobildə sürücülərin telefondan istifadəsi ilə bağlı cərimə qaydası dəyişir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Məlum olduğu kimi, bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.
Hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə tətbiq olunur.




