Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

21 il sonra Ramiz Mehdiyev haqda şok açıqlamalar etdi

21 il sonra Ramiz Mehdiyev haqda şok açıqlamalar etdi

Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyevlə bağlı ŞOK ETİRAFLAR: “Məni avtomobil qəzasına salmaq üçün plan qurulmuşdu”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında paylaşdığı geniş yazıda Ramiz Mehdiyevlə bağlı illər əvvəl yaşadığını iddia etdiyi hadisələrdən danışıb.

Jurnalist 1999–2000-ci illərdən başlayan qarşıdurmanın səbəblərini açıqlayıb, qəzetinin bağlanması cəhdlərindən, ona edilən təkliflərdən və 2005-ci il parlament seçkiləri zamanı qarşılaşdığı çətinliklərdən bəhs edib.

Xoşqədəm Hidayətqızı bildirib ki, rəhbərlik etdiyi qəzetdə dərc olunan müsahibəyə görə ondan geri çəkilməsini və məsuliyyəti əməkdaşının üzərinə qoymasını istəyiblər. Onun sözlərinə görə, müsahibənin guya jurnalistlər tərəfindən uydurulduğunu deməsi müqabilində ona birotaqlı mənzil təklif edilib.

Jurnalist iddia edib ki, daha sonra həmin dövrdə mətbuat naziri olan Siruz Təbrizli tərəfindən nazirliyə çağırılıb. Onun sözlərinə görə, qəzetin bağlanması müqabilində yeni adda qəzet, kompüterlər və 20 min dollar təklif olunub. Lakin o, bu təklifləri qəbul etməyib və məhkəmə mübarizəsini davam etdirib.

“Adımı siyahıdan çıxartdırmışdı”

Xoşqədəm Hidayətqızı 2005-ci ildə mətbuatın inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif olunması məsələsinə də toxunub. O, Ramiz Mehdiyevin buna mane olmağa çalışdığını və adının siyahıdan çıxarıldığını iddia edib.

Jurnalistin sözlərinə görə, həmin vaxt tədbirdə adının çəkiləcəyini gözləməsə də, Prezident İlham Əliyev onun adını şəxsən siyahıya əlavə etdirib.

Seçki kampaniyası zamanı təzyiqlərə məruz qaldığını iddia edir

Əməkdar jurnalist 2005-ci ildə 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdüyünü xatırladıb. O, həmin dövrdə Ağdamın icra başçısı olmuş Həsən Sarıyevin ondan namizədliyini geri götürməsini və başqa dairəyə keçməsini istədiyini bildirib.

Xoşqədəm Hidayətqızı iddia edib ki, onun seçki kampaniyasına maneələr yaradılıb, haqqında yalan məlumatlar və böhtanlar yayılıb. Jurnalist hətta anasının erməni olması barədə şayiələrin yayıldığını da qeyd edib.

O, ən ciddi iddialarından birini isə avtomobil qəzası ilə bağlı səsləndirib. Hidayətqızının sözlərinə görə, onu avtomobil qəzasına salmaq üçün plan qurulduğu barədə əvvəlcədən məlumat alıb və marşrutunu dəyişərək mümkün təhlükədən yayınıb.

“Yalnız Prezidentimə deyərəm”

Jurnalist seçkiyə bir gün qalmış Apellyasiya Məhkəməsinə çağırıldığını, məhkəmə prosesində onun əleyhinə ifadə verildiyini iddia edib. O, baş verənlərdən sonra İctimai Televiziyaya müsahibə verərək mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib.

Xoşqədəm Hidayətqızı yazısında həmin müsahibə zamanı səsləndirdiyi bu fikirləri də xatırladıb:

“Mən bu ölkədə rastlaşdığım problemi hansısa beynəlxalq quruma deyil, yalnız inandığım, səs verdiyim, sevdiyim Prezidentimə deyərəm”.

Əməkdar jurnalist qeyd edib ki, həmin hadisələrdən sonra dövlət tədbirlərinə və media ilə bağlı toplantılara dəvət olunmadığını düşünür. O, Ramiz Mehdiyevin vəzifədən getməsindən sonra da bu vəziyyətin davam etdiyini iddia edib.

“İnsanın arxasında qoyduğu ən böyük sərvət təmiz adıdır”

Xoşqədəm Hidayətqızı paylaşımında illər ərzində yaşadıqlarını səbrlə gözlədiyini və indi öz mövqeyini açıqlamaq qərarına gəldiyini bildirib.

Jurnalist yazısını insanın həyatda qoyduğu adın və əməllərinin əhəmiyyətinə dair fikirlərlə yekunlaşdırıb. O, vəzifəsinə, sərvətinə və imtiyazlarına güvənərək başqalarına zərər verən insanların bir gün etdiklərinin nəticələri ilə üzləşəcəyini vurğulayıb.

Qeyd edək ki, yazıda səsləndirilən iddialar Xoşqədəm Hidayətqızının şəxsi paylaşımına əsaslanır. İddiaların digər tərəflərinin mövqeyi bu materialda yer almayıb.