Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bədənində 7 qəlpə gəzdirir... FOTOLAR

Bədənində 7 qəlpə gəzdirir... FOTOLAR

...Döyüş getdikcə şiddətlənir, erməni hərbçiləri bütün növ silahlardan "Canavar" yüksəkliyini atəşə tutur, əlverişli strateji mövqenin itirilməsi ilə heç cür barışmaq istəmirdilər. Yağış kimi yağan atəş altında Azərbaycan Milli Ordusunun əsgərləri bir addım da geri çəkilmirdilər.

Onlar 23 nəfər idilər. Tabor komandiri, mayor Rahid Babayev onları hərbi hissənin əsgərləri arasında yüksək hazırlığı, hərbi işə bələdliyi, qorxmazlığı ilə fərqləndiklərinə görə seçmişdi. Daha doğrusu, onlar özləri seçilmişdilər. Komandirin çağırışına birincilər sırasında hay vermişdilər.

Tuşlayıcı Vüsal Süleymanov da onlardan biri idi. Komandir onun hədəfi dəqiq nişan almağını və hər dəfə sərrast atəşlə düşmənin texnikası və canlı qüvvəsinə vurduğu zərbəni görəndə zəndində yanılmadığına əmin olurdu. Doğrudan da, əsgərlər çox fədakarlıqla və ölümü gözə alaraq döyüşürdülər.

SHOWNEWS.AZ bildirir ki, bu fədakarlıq nəticəsində müharibənin ilk günü - sentyabrın 27-si saat 8 radələrində "Canavar" postunun həm sol, həm də sağ yüksəkliyi Milli Ordu əsgərlərinin tam nəzarəti altına keçməsi ilə nəticələndi. Düşmən ordunun əsgərləri həmin mövqedə iri çaplı silahlarını qoyub qaçmışdılar. Yüksəklikdə yerləşən post Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk mövqe idi.

Murovdağda ən strateji əhəmiyyətli mövqenin ələ keçirilməsində gedən ölüm-dirim savaşında cəmi bir döyüşçü yaralanmışdı.

Sentyabrın 30-da səhər tezdən ermənilər itirdikləri mövqeni ələ keçirmək üçün aramsız artilleriya atəşinə tutdular. Vüsal da, onun döyüş yoldaşları da həmin gün çox böyük şücaətlə mövqeni qoruyurdular. Lakin düşmənlərin güclü artilleriya atəşindən yayınmaq mümkün olmadı, əsgərlərin demək olar ki, hamısı yaralandı. Həmin döyüşdə tabor komandiri Rahid Babayev sağ ayağından və sağ qolundan ağır yara aldı. Vüsal onun yaralarını sarıdı, ağrılarını unutmaq üçün iynə də vurdu, lakin cəsur komandirin həyatını xilas etmək mümkün olmadı. Mayor Rahid Babayev şəhidlik zirvəsinə yüksəldi. Bütün bunlara baxmayaraq, əsgərlər döyüş mövqeyini tərk etmədilər.

Düşməni geri çəkilməyə məcbur edən cəsur döyüşçülər təxliyə edilərək Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırıldı. Sağalandan sonra oktyabrın 10-da çavuş Vüsal Süleymanov könüllü olaraq yenidən döyüş mövqeyinə qayıtdı. Oktyabrın 17-də isə Kəlbəcər rayonunun Yanşaq kəndindəki döyüş mövqeyini düşməndən azad edərkən ikinci dəfə yaralandı.

Yaralanandan sonra 6 kilometr yolu düşmənin mərmi yağışı altında gedərək Murovdağdakı yolayrıcında təxliyə maşınına çatdı. Hospitalda onun sağ böyrəyindən döş qəfəsinədək 7 qəlpə olduğu müəyyən edildi. Həkimlərin verdikləri proqnozun heç biri xoş deyildi: ya ayaqların tutulacaq, ya da qəlpələr sinirdə olduğu üçün çıxarılmayacaq. Vüsal ikincini seçdi.

İndi o, qəlpələrin hamısını bədənində gəzdirir. İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri olan Vüsal "Vətən müharibəsinin iştirakçısı ", "Xidmətdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Vüsal Süleymanov 1994-cü il iyulun 26-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub. 2012-ci ildə hərbi xidmətə çağırılıb. O, 2016-cı ilin avqustundan müddətdən artıq hərbi xidmətdədir. İndi Vətənin bu cəsur müdafiəçisi ilə təkcə atası Bəxticamal, anası Sarıgül, iki bacısı və qardaşı deyil, hər bir azərbaycanlı fəxr edir. Qarabağ belə oğulların rəşadəti sayəsində işğaldan azad olunub.
// AzerTac