Məlum olduğu kimi, Bakıda son günlər Bakı Nəqliyyat Agentliyi tərəfindən bəzi küçə və prospektlərdə avtobus zolaqları ayrılıb. Bu zolağa daxil olan minik maşınlarının sürücüləri isə cərimələnir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi küçələrdə qadağa yalnız günün müəyyən saatlarında qüvvədədir: “Hansı ərazidə, küçədə qoyulmuş nişanda saat qeyd edilibsə, həmin yerdə qadağa yalnız həmin saatlarda qüvvədədir. Hazırda quraşdırılan nişanlarda avtobus zolağına giriş səhər saat 07:00-10:00 və saat 17:00-20:00-da qadağandır. Saatın qeyd edildiyi nişanlar olmayan küçələrdə qadağa bütün gün üçün qüvvədədir.
Mən həm Bakı sakini, həm sürücü, həm də polis əməkdaşı kimi aidiyyatı quruma təklif edirəm ki, hazırda pandemiyaya görə şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyi üçün bu günlərdə də həmin zolaqlarda hərəkət sərbəst olsun. Lakin hazırda həftəsonu ilə bağlı qərar yoxdur”.
V.Əsədov qeyd edib ki, avtobus zolaqları üzrə qayda pozuntularının aşkarlanmasını yol polisi həyata keçirir: “Ərazidə quraşdırılan kameralar, yaxud xidmətdə olan yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına və quraşdırılan nişanlara uyğun olaraq qaydanı pozanlar, avtobus zolağına daxil olan sürücülər barəsində inzibati protokol tərtib edilir. Yanvar ayı ərzində 500-dən çox sürücü barəsində bu səbəbdən protokol tərtib edilib. Biz bir daha bildirmək istəyirik ki, yol polisi inzibati tənbeh tədbirindən daha çox təbliğata üstünlük verir. Sürücülərdən də xahiş edirik ki, qüvvədə olan yol hərəkəti qaydalarına uyğun hərəkət etsinlər”.