Azərbaycanın qədim adət və ənənələri siyahısında toyların xüsusi yeri var. Bir ildən çoxdur ki, pandemiya səbəbindən el məclislərinin keçirilməsinə məhdudiyyət qoyulub.
Hazırda cəmiyyətdə elə bir fikir formalaşıb ki, pandemiya bitdikdən sonra toyların keçirilməsi formasında da dəyişikliklər olacaqdır.
SHOWNEWS.AZ bildirir ki, mövzuya münasibət bildirən millət vəkili Cavanşir Paşazadə "metbuat.az"a bildirdi ki, toyların keçirilməsinə olan qadağanın müddətini uzatmaqdansa alternativ yollar tapmaqla bu məsələni də həll etmək olar.
''Hazırda kafe-restoranların fəaliyyəti bərpa edilib. Qarşıdan yay ayları gəlir. Kafedə oturub dincəlmək mümkün olursa, bunu toyların keçirilməsi üçün də tətbiq etmək olar.
Açıq havada, ara məsafəsi gözlənilməklə, maskadan da istifadə olunarsa, 50-60 nəfər ilə toy məclislərinin keçirilməsinə icazə verilməsi məqsədəuyğun olardı.
Çünki bir ildir ki, ailə qurmaq istəyən gənclər toylarının keçirilməsini gözləyirlər. Valideynlər oğul-qız toyunu görməyi həmişə arzu edirlər. Təkcə nikah bağlamaqla deyil, həmin özəl günü dostları, yaxınları ilə qeyd etmək hər bir yeni ailə quran gəncin və ata-anasının haqqıdır.
Bəzən toyların gecikməsi cütlüklər arasında konfliktlər də yaradır. Bu da yeni qohumların kiçik məsələlər səbəbindən bir-birindən inciməsinə gətirib çıxarır.
Bu məsələləri həll etmək üçün bir mexanizm düşünülməlidir. Kiçik formada da olsa el məclislərinin - xalqımızın adət-ənənəsini özündə əks etdirən toy şənliklərimizin bərpası üçün müəyyən addımlar atılmalıdır''.