“Ödədiyim pul və “yoldaşınız pulu ödəyib, qızım” yazılmış kağız parçasını görəndə dünyam yenidən yıxıldı...”
Bu sözləri Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova sosial şəbəkədəki hesabında yazıb.
O, təsərrüfat malları dükanında başına gələn hadisəni nəql edib:
“Farizimin yeri hər yerdə qəlbimi sarsıda-sarsıda görünür... bu gün evdə bəzi görülməsi lazım olan işlər var idi. Bunun üçün də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir ora... ya yoldaşı ilə nə isə seçmək üçün gedir, yada mənim kimi çarəsiz halda, evin kişisi də, qadını da mənəm deyib, məcbur olur gedib kişi işlərini görmək üçün lazım olan əşyaları alsın.
Nəysə, getdim mağazaya, qapını açdım, içəri daxil oldum... içəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər. Qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdı deyirlər satıcıya, o da təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi. Yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı. Nəysə, növbə mənə çatdı.
“Buyur, qızım nə lazımdı?” - deyə satıcı dayı məndən soruşdu.
“Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı”, - dedim və davam elədim... “çəkic, silikon kley tapançası ilə kəlbətin, mismar və s...” lazım olanları dedim. Dayı onları yığdıqca üzümə baxırdı diqqətlə, nəsə məyus formada. Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi. Pulu ödəyəndən sonra dayı dedi:
“Qızım, olar sənə bir sual verim?” “Buyur, dayı”, - dedim.
“Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü-filan, yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma bir də... zəng vur soruş, mən də bilim sənə nə verirəm, qızım", - deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma...
Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burda? Qürurum imkan vermədi ki, ona yoldaşımın olmadığını deyim, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm, deyim... Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram... yaxşı ki, mismarın ölçüsünü-filan o anda yadıma sala bildim.
Sən demə, dayı hiss edibmiş, tanıyıbmış məni, amma biruzə vermirmiş... xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim. Dedim, dayı, 50-lik mismar lazımdı, kley də oboyun qıraqlarını yapışdırmaq üçün...” Dayı başa düşdüyünü işarə etdi, gedib dediyimə uyğun lazım olanları gətirdi.
Çıxanda gördüm, dayı nəsə bir telefonuna baxır, bir mənə, ağsaqqalın gözləri dolub... Dedi, “bala, bir dəqiqə gözlə...” Gözlədim... nəsə özünü pis hiss etdiyini anladım... “Yaxşısız, dayı?” - sual verdim. “Yaxşıyam, narahat olma, qızım”, - dedi, əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə...
“Bu nə deməkdir, dayı? Niyə qaytardız mənə pulu?” - soruşdum.
“O pul ödənilib, qızım”, - cavab verdi... anlamadım, düşündüm ki, yəqin kimsəsiz olduğumu hiss edib, pis olub...
Pulu özünə qaytardım: “Yox, dayı, çox sağolun, özüm ölməmişəmki, kimsə ödəsin...”
Düzü mənə pis gəldi bir az... Dayı pulu götürdü, amma heç nə demədi. Üzümə baxmaq istəmirdi nədənsə... mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən biruzə verməməyə çalışıram...
Birdən dayı söhbətə başladı: “Bala, bir şey deyim sənə... mən səndən mismarın ölçüsünü-filan, özüm qəsdən soruşdum ki, görüm necə deyəcəksən? Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın... hiss elədim bunu... Səni tanıyıram, qızım. Səni görmüşəm çəkilişlərdə... Bayaq telefonumu ona görə götürdüm ki, bir də baxım, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışam? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı... sən təkliyini hiss etdirmək istəmədin, qızım... sənə sözüm yoxdu...” - gözləri dolmuş halda başını aşağı saldı.
Bu sözlər mənə bir ox kimi dəydi... Elə pis oldum ki... ağlamayacam, dedim, nə fayda, onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq... Necə pis olmuşamsa, göz yaşlarım məndən ixtiyarsız öz bəndini qırıb... üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin.
Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə... Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram. Bir az özümə gəldim... Torbanı açdım ki, işimə başlayım... və orda gördüklərim məni yenidən yıxdı.... ödədiyim pul və üzərində “yoldaşınız pulu ödəyib, qızım” yazılmış bir kağız parçası...
Dünyam yenidən yıxıldı sanki... onu görəndən sonrakı halımı yəqin ki, hər kəsə təsəvvür edər...”