Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunacaq.
Bu barədə SHOWNEWS.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.