Baxmayaraq ki, Allah bəndələrinə qarşı rəhim və rəhmandır, ancaq elə günahlar vardır ki, Allah onları bağışlamır.
Bəs Allah hansı günahları bağışlamır?
Həzrət Peyğəmbər (s) buyurur: “Bağışlanmayan günahlardan çəkinin. (Biri) (əldə olunan qənimətə) xəyanətdir. Çünki hər kim (qənimətdən əldə olunan) şeylərə xəyanət əli vurar – Qiyamət günü onu özü ilə gətirər.
(İkincisi) ribaxorluqdur. Çünki ribaxor Qiyamət günü şeytanla təmasda olduğu üçün dəli olan insan kimi qəbrindən qalxar”.
İmam Səccad (ə) buyurur: “Allah möminin hər bir günahını bağışlayar, dünya və axirətini həmin günahdan pak edər, məgər iki günahdan başqa: təqiyyəni tərk etmək, qardaşlarının haqqını zay etmək”.
Eyni zamanda,Allaha şərik qoşmaq - əgər tövbə edilməsə - bağışlanmaz. Bu barədə Quranda buyurulur: "Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur" (Nisa, 48).
Bağışlanmaz günahlardan biri də başqa adamın haqqına təcavüz etmək və ondan halallıq almamaqdır (buna "həqqün-nas" deyirlər). Bu cür günahı bağışlamaq ixtiyarını heç Allah da öz üzərinə götürməz. Yalnız məzlum şəxs halallıq versə, bu günah bağışlanar.