"Təkcə vaksinasiya olunmuş vətəndaşlarda yox, həmçinin COVID 19-dan sağalmış bəzi insanlarda da xəstəliyə qarşı immunitet, yəni antitel yarana bilər. Lakin bu o demək deyil ki, həmin şəxslər vaksinasiyadan imtina etməlidir".
SHOWNEWS.AZ "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bunu TƏBİB-in işçi qrupunun üzvü, həkim-infeksionist Vüsalə Yaşar deyib.
Onun sözlərinə görə, xəstəliyi yüngül və ya ağır keçirməsindən asılı olmayaraq, bəzən xəstələrdə antitel yaranmaya da bilər. Yəni bu məqam vaksinasiyadan imtina üçün səbəb deyil.
Vüsalə Yaşar deyib ki, hər bir vətəndaş vaksin vurdurmadan öncə həkim müayinəsindən keçməlidir. Bunun üçün vaksinasiyanın həyata keçirildiyi bütün tibb məntəqələrində xüsusi otaqlar ayrılıb və ora həkimlər cəlb olunub.
Həkim-infeksionist onu da əlavə edib ki, xroniki xəstəliyi olan insanlar da vaksin vurdurmalıdır. Çünki onlar koronavirusa yoluxsalar xəstəliyi daha ağır keçirirlər.