Bəzi kütləvi informasiya və sosial media səhifələrində tibb bacısının aparılan vaksinasiya prosesi zamanı vətəndaşa peyvəndi vurma görüntüsü yaratması, əslində isə peyvəndi vurmayaraq israf etməsi ilə bağlı videogörüntülər yayılıb.
SHOWNEWS.AZ xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilən faktla bağlı İcbari Tibbi Siğortadan daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində aparılmış araşdırma zamanı 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 pandemiyası əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, 4 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları Kərimova Təbəssüm Hümmət qızı və Məmmədyarova Südabə Əhmədşah qızı tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilib.
Belə ki, peyvəndlənmə üçün müraciət etmiş şəxs - Gözəlov Samir Arif oğlunun qanunsuz təklifi əsasında tibb bacısı tərəfindən peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılıb, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınıb və dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib.
Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraatlar başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xəzər rayon məkməməsinin qərarı ilə Samir Gözəlova 30 gün müddətinə inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai iş, Təbəssüm Kərimovaya isə 400 manat cərimə tənbehləri tətbiq edilib.