Bir neçə il əvvəl Səhiyyə Nazirliyinin Mikrocərrahiyə Mərkəzində həkim əməliyyat zamanı qadının iltihablı sol ayağı əvəzinə sağlam olan sağ ayağını kəsmişdi. Məsələ ictimailəşəndən sonra nazirlik komissiya yaratdı və həkim etiraf etdi:
"Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib”.
Bəli, mexaniki səhvdən insanın xəstə ayağı deyil, sağlam ayağı kəsilib.
SHOWNEWS.AZ xəbər verir ki, Nuh.az saytına müraciət edən vətəndaşın vəziyyəti daha dəhşətlidir: həkim xəstənin kor bağırsağının əvəzinə onun nazik bağırsağını kəsib.
Bu haqda Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 1985-ci il təvəllüdülü, Qarabağ veteranı Cəmil Nurəddin oğlu Rüstəmovun müraciətində deyilir.
Müraciəti olduğu kimi dərc edirik:
"2020-ci ilin iyun ayının 26-da özümdə ağrı, sancı hiss etdim. Həmən gün səhər bacımla Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına getdik.
Analizlərimi verəndən sonra məni həkim Ziyafət Bayramovun qəbuluna göndərdilər. O, analizlərimə baxıb dedi ki, səndə apendiks-kor bağırsaqdır, narahat olma, sadə əməliyyatdır, get evdə yuyun, qarın hissəni təmizlə, saat 16-00-da gəl, əməliyyat edəcəm.
Biz həkimin dediklərini elədik və saat 16-30-da həkim məni əməliyyat etdi. Buna görə məndən 250, atamdan isə 500 manat aldı.
Əməliyyatdan 3 gün sonra həkim məni evə buraxdı. Evdə yaram - əməliyyat yeri partladı və yara yerindən nəcis gəlməyə başladı.
Məni təcili xəstəxanaya gətirdilər. Həkim Ziyafət Bayramov məni ikinci dəfə əməliyyat elədi. Vəziyyətim daha da ağırlaşdı.
Həkimə dedim ki, əməliyyat yerindən nəcis gəlir, o isə dedi ki, nəcis deyil, çirkdir, sən məndən çox bilirsən? Sonradan məlum oldu ki, Ziyafət həkim kor bağırsaq əvəzinə mənim nazik bağırsağımı kəsib. Mən hazırda yarımcanam”.
Cəmil Rüstəmov Səhiyyə Nazirliyindən, Baş prokurorluqdan xahiş edir ki, komissiya yaradılsın və günahkar həkim cəzalandırılsın.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayeva müxbirimizə deyib ki, şikayətçi haqlıdır, qoy məhkəməyə müraciət etsin, ancaq məni narahat etməyin. Həkim Ziyafət Bayramov isə saytımıza bildirib: "Cəmil Rüstəmova 4 min manat pul təklif edirəm, götürsün də”.