Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar.
SHOWNEWS.AZ xəbər verir ki, həmçinin mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov iştirak ediblər.
Yarışda birinci yeri tutan "Mercedes" klubunun pilotu Lüis Hemiltona mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.
Konstruktorlar kuboku "Mercedes" komandasının rəsmisinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən təqdim olunub.
İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.
Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb.