Son günlər Qarabağ qazisi olması iddiası ilə gündəmə gələn Elnur Əfəndiyevlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Əfəndiyev Elnur Sadəm oğlu 23 iyul 1996-cı ildə Binəqədi rayonu ərazisində oğurluq etdiyi üçün tutulub. İstintaq zamanı isə onun hərbi hissəni özbaşına tərk etdiyi, fərarilik etdiyi üçün axtarışda olduğu məlum olub.
Buna görə də ona oğurluqla yanaşı, daha bir maddə ilə ittiham elan edilib. O, istintaq müddətində 3 saylı İstintaq Təcridxanasında saxlanılıb. Hərbi tribunalın 28 yanvar 1997-ci il tarixli hökmü ilə Elnur 10 il müddətinə azadlıqdan məhrum edilib. O zaman qüvvədə olan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi (xüsusi təhlükəli residivist tərəfindən oğurluq) və 242-ci (fərarilik) maddəsi ilə ittiham edilib. E.Əfəndiyev həmin zaman fərari olaraq axtarışda olduğu üçün evdən pal-paltar oğurlayan şəxs kimi ona xüsusi residivist ittihamı irəli sürülüb. Adıçəkilən şəxsə qarşı ittiham irəli sürülərkən əli və ayağı amputasiya edilməyib.
E.Əfəndiyev 2004-cü ildə cəzasını çəkən zaman, müddətin başa çatmasına 2 il qalmış azadlığa buraxılıb. Onun əl və ayağının türmədə olarkən, yoxsa azadlığa çıxdıqdan sonra amputasiya olunması müəmmalıdır.
Əlavə edək ki, qanunvericilik bədənində qanqren olan şəxslərə ağır cəza verilməsini və məhkum edilməsini qadağan edir. Burdan bir daha aydın olur ki, Elnur əl və ayaqlarını Qarabağda itirməyib və o, qazi kimi aldığı sənədləri düz 25 il sonra 2019-cu ildə əldə edib.
Vəkillər Kollegiyasının üzvü Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə görə şəxs cəzasını çəkməyə imkan verməyən xəstəliyə düçar olunubsa, o cəzadan azad edilir: “Ətrafları amputasiya olunmuş şəxs azadlıqdan məhrum edilmə cəzası çəkə bilməz”.
"Məhkəmələrin xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısı"na qanqrenoz nekrotik stadiyada olan ən azı iki ətrafın magistral damarlarının zədələnməsi ilə gedən arteriyalar xəstəlikləri də aiddir. Belə nəticə çıxır ki, E. Əfəndiyev iddia etdiyi kimi mühasirəyə düşüb donandan ən azı 5 il sonraya qədər orqanizmində heç bir qanqren əlamətləri yaranmayıb. Müdafiə Nazirliyinin ona təqdim etdiyi arayışda da bu fakt qeyd olunmayıb.
1993-cü il aprelin 27-də MN tərəfindən ona verilən arayışda qeyd edilib ki, Elnur Əfəndiyev sol sağrı nahiyəsindən kor qəlpə yarası alıb. Elə həmin arayışda da vurğulanıb ki, E. Əfəndiyev sıra xidmətinə, döyüşə yararlıdır.
Evindən oğurluq edilən şəhid (Birinci Qarabağ müharibəsi şəhidi, itkin düşmüş Qəhrəmanov Qürbət Səmərqənd oğlu) qardaşı Qərib Qəhrəmanov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 1994-cü ildə “Şamaxinka” adlanan hissədə alver edərkən Elnur və anası ona yaxınlaşaraq kömək istəyib. O isə ailəyə alver etmələri üçün şərait yaradıb.
Q. Qəhrəmanov qeyd edir ki, bir müddət sonra Elnur dayısının onu evdən qovduğunu deyib və onların evində qalmaq istəyib. Onun bu xahişi də yerinə yetirilib. Elnur və anası bir neçə gün Qəhrəmanovların Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən evlərində qonaq olub.
Həmin zaman şəhidin anası Nübar Sənalıyeva Elnur və anasına itkin oğlunun hərbi paltarını göstərərək ondan yadigar qaldığını bildirib.
Bir müddət sonra Q.Qəhrəmanovun İmişli rayonunda yaşayan babası vəfat edib və onlar yas mərasiminə gediblər. Yeddi gündən sonra geri qayıtdıqda isə Elnurun onların evlərindən paltar oğurladığı məlum olub. Ailənin sözlərinə görə, E. Əfəndiyev şəhidin hərbi paltarını Sumqayıt bazarında satarkən saxlanılıb.
Q.Qəhrəmanov da bildirib ki, E. Əfəndiyev oğurluqla yanaşı, fərarilikdə ittiham edilib, məhz buna görə ağır cəzaya məhkum olunub.
Onunla bağlı məsələ gündəmə gələndən sonra bu gün Elnur Əfəndiyev yenidən media qarşısına çıxıb. O, “Şərq TV”nin yutub kanalında qonaq olarkən bir-birini təkzib edən açıqlamalar verib. Elnur eyni zamanda oğurluğa görə məhkum edildiyini və əl-ayaqlarını Qarabağda itirmədiyini etiraf edib:“Mən müxbirə bildirməmişəm ki, sırf əllərimi, ayaqlarımı Qarabağda itirmişəm. Müxbir bizim kirayədə qalıb yaşamağımıza görə orada bir ev söhbəti etdi. Yenə də Allah şahiddir ki, müxbirlə bizim aramızda heç bir ev söhbəti olmayıb. O söhbəti edəndə də mən qəribə baxdım”.
Bu arada xüsusilə qeyd edirik ki, "Qafqazinfo" mövzu ilə bağlı Elnur Əfəndiyevin fiziki durumuna həssaslıqla yanaşır, lakin bu formada qazi kimi təqdim olunma və digər təfərrüatlarla bağlı cəmiyyətin çaşdırılmasının əleyhinədir. Məhz mövzunun araşdırılması da onun şəxsi ilə bağlı yox, cəmiyyətdə qazi statusunun qorunması ilə bağlıdır.
Murad Əhməd
Foto-Video: Pərvin Zeynal