Bir neçə ay öncə bir sıra mətbuat orqanlarında işğaldan azad olunmuş ərazilərə səfər turlarının təşkil edilməsilə bağlı təkliflər səsləndirilmişdi.
Sabah.az xəbər verir ki, tanınmış telejurnalist, Ağdam Dövlət Dram Teatrının sabiq baş direktoru Fəxrəddin Hacıbəyli “525-ci qəzet”ə verdiyi açıqlamada işğaldan azad olunmuş ərazilərə, o cümlədən Ağdam rayonuna səfər turlarının təşkili təşəbbüsü ilə çıxış etmişdi:
“Bu gün ölkəmizdə yaşı 60-70-dən yuxarı olan onmillərlə insan var ki, 30 ildir öz ata-baba yurdlarının həsrəti və nə vaxtsa o yerləri gedib görmək arzusu ilə yaşayır. Buna görə də rəsmi səviyyədə səfər turları təşkil edərək o insanların gedib öz ata-baba yurdlarını görmələrinə şərait yaratmaq böyük humanist addım ola bilər”.
Qeyd edək ki, ictimaiyyət nümayəndələri və bir çox tanınmış ziyalılar bu təklifi rəğbətlə qarşılamış, dəstək vermişdilər.
Gözlənilən gün, nəhayət, gəlib çatdı. Yaxın günlərdə Ağdam rayonuna səfər turlarının təşkili prosesinə başlanılacaq. Etibarlı mənbələrdən Sabah.az-a verilən məlumata görə, həftədə 3 dəfə təşkil olunacaq belə səfər turlarında insanlara öz ata-baba yurdlarını görmək, bir vaxt özlərinin və doğmalarının yaşadıqları əraziləri ziyarət etmək imkanı yaradılacaq.