İyulun 14-ü general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olduğu gündür.
“Qafqazinfo” xəbər verir ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə qəhrəmancasına şəhid olub.
P. Həşimovun iyul ayında şəhid olması sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynayıb.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Artilleriya Qərargahının rəisi polkovnik İlqar Anzor oğlu Mirzəyev, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olublar.
General iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Polad Həşimova və İlqar Mirzəyevə Milli Qəhrəman adı verilib.